Keçən həftə bizim saytın əlaqə formasından da bir neçə qəribə məktub gəldi. Biri alban dilində qiymət soruşurdu, digəri "müştəriniz cavab gözləyir" deyib başqa sayta çağırırdı. Bunlar adi reklam idi, zərərsiz çıxdı. Amma eyni yolla gələn məktubların bir hissəsi artıq zərərsiz olmur.

Belə məktublara fişinq deyilir. Məqsəd sizi aldadıb parolunuzu, kartınızın məlumatını və ya pulunuzu ələ keçirmək, ya da kompüterə virus yükləməkdir. Yaxşı xəbər budur ki, saxta məktubların çoxunu bir neçə sadə əlamətdən tanımaq olur.

Saxta məktubun 7 əlaməti

  1. Tələsdirir. "Hesabınız 24 saata bağlanacaq", "ödənişi bu gün etməsəniz, cərimə yazılacaq". Tələsən adam yoxlamır, fırıldaqçıların bütün hesabı da budur.
  2. Göndərənin ünvanı uyğun gəlmir. Ad yerində "Microsoft" və ya bankınızın adı yazılıb, ünvan isə tanımadığınız bir domendəndir. Bəzən fərq bircə hərfdir: "rn" hərfləri "m" kimi görünür, böyük "I" balaca "l"-ə oxşayır.
  3. Link başqa yerə aparır. Linkə basmazdan əvvəl siçanı üzərinə gətirin, aşağıda əsl ünvan görünəcək. Telefonda isə linki basıb saxlayın. Yazılan ünvanla görünən ünvan fərqlidirsə, basmayın.
  4. Parol və ya kod istəyir. Heç bir bank, Microsoft və ya dövlət qurumu e-poçtla parolunuzu, SMS kodunu və ya kartın arxasındakı üç rəqəmi soruşmur.
  5. Gözlənilməz əlavə fayl. "Faktura.zip", "Ödəniş_qəbzi.pdf.exe" və ya makrosları "aktiv etmək" istəyən Excel faylı. Gözləmədiyiniz faylı açmayın, hətta tanış adamdan gəlibsə də.
  6. Rəhbərin adından qəribə xahiş. "Təcili bu hesaba pul köçür, sonra danışarıq", "iclasdayam, hədiyyə kartı al". Belə məktub gələndə rəhbərə özünüz zəng edin və soruşun.
  7. Ümumi müraciət və qəribə dil. "Hörmətli müştəri", səhv yazılmış adlar, maşın tərcüməsi kimi səslənən cümlələr. Amma diqqət: son vaxtlar saxta məktublar səliqəli dillə də yazılır, ona görə yalnız bu əlamətə arxalanmayın.

Şübhəli məktub gələndə nə etməli?

  • Linkə klikləməyin, faylı açmayın və cavab yazmayın.
  • Göndərəni başqa yolla yoxlayın: əvvəldən bildiyiniz nömrəyə zəng edin, məktubdakı nömrəyə yox.
  • IT işçinizə və ya rəhbərinizə xəbər verin. Bəlkə eyni məktub başqalarına da gəlib.
  • Məktubu poçt proqramında "spam" və ya "phishing" kimi qeyd edin.

Artıq klikləmisinizsə

Olur, utanmalı bir şey yoxdur. Əsas olan tez hərəkət etməkdir. Parolu yazmısınızsa, onu dərhal dəyişin, eyni parolu başqa yerlərdə də işlədirsinizsə, orada da dəyişin. Faylı açmısınızsa, kompüteri internetdən ayırın və IT-yə zəng edin. Kartın məlumatını yazmısınızsa, banka zəng edib kartı bloklayın.

Nə qədər tez xəbər versəniz, ziyan o qədər az olar. Ən pis variant susmaqdır.

Şirkət olaraq nə etmək olar?

İşçilərin diqqəti vacibdir, amma hər şeyi insanların üzərinə qoymaq olmaz. Bir neçə texniki addım riski xeyli azaldır:

  • İki faktorlu giriş. Parol oğurlansa belə, telefondan təsdiq olmadan hesaba girmək mümkün olmur.
  • Yaxşı poçt filtri. Saxta məktubların çoxu işçinin poçt qutusuna çatmamış dayandırılır.
  • Qısa söhbət. İldə bir-iki dəfə işçilərlə 15 dəqiqəlik söhbət, real nümunələrlə. Bu yazını göndərmək də bir başlanğıcdır.

Sonda

Saxta məktubdan qorunmağın sirri mürəkkəb deyil: tələsməmək, linkə basmazdan əvvəl baxmaq və şübhə olanda zəng edib soruşmaq.

TechLab Microsoft 365 qurarkən iki faktorlu girişi və poçt filtrlərini əvvəldən aktivləşdirir. IT dəstək müştərilərimiz isə şübhəli məktubu sadəcə bizə yönləndirir, biz baxırıq. Sualınız varsa, bizə yazın.